VİLAYƏT QULİYEV TƏBRİZİ AYAĞA QALDIRB !
08.05.2000

May ayının 3-ü keçirilmiş mətbuat konfransında Azərbaycanın Xarici İşlər Naziri Vilayət Quliyevin Cənubi Azərbaycanlıların hüquqlarının təmin olunması ilə bağlı söylədiyi fikirlər fars rejimini hiddətləndirdiyi qədər, cənubdakı hərəkatçıların ruhlanmasına səbəb olmuşdur. Doktor Çöhrəqanlının həbsindən sonra zahirdə olsa da belə, müəyyən qədər sakitləşmiş Təbriz millətçiləri artıq üç gündür ki, şəhərdə müxtəlif bəyanatlar yayaraq Vilayət Quliyevi dəstəklədiklərini bildirirlər.
Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənovun İran rəsmiləri ilə üst-üstə düşən fikirlərindən təəccüblənən cənublu soydaşlarımızın yaydığı bəyanatların birində deyilir: «Azərbaycanın otay-butayı yoxdur. Vilayət quliyev otayın naziridirsə, butayın sevimli ziyalısı və mədəniyyət nümayəndəsidir. Onun mövqeyini qısqanclıqla qarşılayan İran rəsmiləri və Abbasəli Həsənov cənablarına bildirməliyik ki, V.Quliyev İranın daxili işlərinə qarışmayıb. O, sadəcə ömür boyu əsarətdə saxlanılmış qan qardaşlarının dərdini dilə gətirmişdir».
Həmin məsələ ilə bağlı CAMAH Mərkəzi Komitəsi də bəyanat qəğul etmişdir. CAMAH-ın Təbrizdə yaydığı bəyanatında deyilir: «A.Həsənov kimi şəxslərin Azərbaycanımızın milli imicinə gətirdiyi xələl, az qala Azərbaycan Respublikasının müstəqil bir dövlət olduğunu da şübhə altına sürükləməkdədir. O, hüquqi statusla Azərbaycan dövlətinin səfiri olsa da, əslində totalitar İran rejiminin köləsi kimi fars şovinizminin anti Azərbaycan təbliğatına qol-qanad verərək öz hərəkətlərini guya ki «diplomatik addımlar» kimi qələmə verməyə cəhd göstərir. Biz 30 milyonluq Cənubi Azərbaycan türkləri adından cənab Vilayət Quliyevin mövqeyini dəstəkləyir, xalqımızın sevgi və sayğılarını ona çatdırırıq».
CAMAH Mərkəzi Komitəsinin bəyanatında həmçinin Azərbaycan prezidentinə müraciətlə A.Həsənovun İrandan geri çağırılması tələbi də irəli sürülmüşdür.
V.Quliyevin söylədiyi fikirlər İranın rəsmi mətbuatında da birmənalı əksini tapmamışdır. Ölkənin əsas rəsmi mətbuat orqanlarından sayılan «İran» və «Keyhan» qəzetləri Azərbaycanlı nazirin məhz ABŞ səfərindən sonra belə bir mövqe nümayiş etdirməsini Amerikanın sifarişi kimi qələmə verirlər.