CƏNUBİ AZƏRBAYCAN MİLLİ AZADLIQ HƏRƏKATI
PREZİDENT APARATININ MÜNASİBƏTİ İLƏ ƏLAQƏDAR
BƏYANAT QƏBUL ETMİŞDİR
10.01.2000

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Doktor Mahmudəli Çehreqaninin Azərbaycan prezidenti Heydər Əliyev cənablarına ünvanladığı məlum müraciətə, nəhayət ki yanvar ayının 8-i prezidentin mətbuat xidməti tərəfindən «cavab» verildi. Cavabın mətnində işlədilmiş ifadələr və mənfi münasibət, bütün dünyada yaşayan cənubluların təəssüf və təəccübünə səbəb olmuşdur.
Buna münasibət olaraq, CAMAH Mərkəzi Komitəsi dünən bəyanat qəbul etmişdir. Bəyanatın mətnini olduğu kimi təqdim edirik:

Əziz həmvətənlər!
Azərbaycanımızın cənubunda baş vermiş son hadisələrin dalğaları genişləndikcə, fars şovinizmi və onu təmsil edən totalitar İran rejiminin çürümüş dirəkləri birdəfəlik yıxılmağa doğru gedir. Bunun qarşısını almaq niyyətiylə əbəs cəhd göstərən Tehran rejimi hər hansı bir vasitəyə əl atmaqla, yürütdüyü siyasətin ifşa olunmuş mənfi simasını pərdə altında gizlətmək istəyir. Öz batil xəyalları ilə dövlətçiliyimizi həmişə dırnaq arasında təsəvvür edən bu bədnam qonşumuz, bü gün əlacsız qalaraq, artıq Azərbaycan respublikasına qarşı açıq-aşkar təziqlər göstərməkdədir. Bunun nəticəsi olaraq da, rəsmi Bakı Təbrizdə baş vermiş son tarixi hadisələri İranın təbirləri ilə təhlil və təqdim etmək məcburiyyəti ilə üzləşmişdir.
Təbriz universitetinin professoru, Azərbaycanımızın qeyrətli və şərəfli oğlu doktor Mahmudəli Çehreqaninin başına gətirilən haqsızlıqlar, heç bir izahsız da dünya ictimaiyyətinə məlumdur. Onun müalicəsi ilə əlaqədar Azərbaycan prezidenti Heydər Əliyev cənablarına ünvanladığı müraciətin Bakı rəsmiləri tərəfindən müxtəlif və zidiyyətli baxışlarla qarşılanması bizim təəssüf və bir az da təəccübümüzə səbəb oldu. Xüsusiylə yanvar ayının 8-i Azərbaycan Respublikası prezidentinin mətbuat xidməti tərəfindən yayılmış bəyanatın ən azı yazılış tərzi və məzmunu narahatlığımıza səbəb olmaya bilməzdi. Daha maraqlı burasıdır ki, yanvar ayının 7-i hmin məsələ ilə bağlı İranın Bakıdakı səfirliyinin millət vəkili Əli Kərimov cənablarına verdiyi cavab məktubunda işlədilmiş «İran və Azərbaycan reallıqları», «İranda tibbi xidmətin yüksək keyfiyyəti», «Çehreqaninin əcnəbi olduğu» və s. kimi ifadələr, bəzən də cümlələr, prezident aparatının da məlum bəyanatında eyniylə dərc edilmişdir!
Azərbaycan dövlətinin belə sərt mövqe və laqeyd münasibət göstərməsini təbii ki, dövlətçiliyimizin və ərazi bütövlüyümüzün naminə atılmış bir addım kimi də qiymətləndirmək olar. Lakin işlədilmiş «əcnəbi», «xarici vətəndaş», «müəmmalı məktub oyunu», «uydurma məlumat» və s. kimi təhqir edici ifadələrin müəllifi Azərbaycançı olmasa da, Azərbaycanlı olduğu üçün yəqin ki, haçansa öz vücdanı qarşısında əzab çəkməli olacaq.
Bütün bunlarla bağlı, bəzi həqiqətləri iziah etməklə məsələyə aydınlıq gətirmək istərdik:
1- Doktor Çehreqani hüquqi statusla Azərbaycan vətəndaşı olmasa da, Azərbaycanlıdır və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətiylə hörmətli prezidentimizin təbrikində qeyd etdiyi «45 milyon Azərbaycanlının» biridir.
2- Doktor Çehreqaninin məlum məktubu heç də «müəmmalı məktub oyunu» deyil. Həmin məktubun məzmunu telefn əlaqəsində Çehreqani tərəfindən CAMAH sədri Piruz Dilənçiyə deyilib və onun lent yazısı doktorun öz səsi ilə mövcuddur. Bu barədə əvvəlcədən də dövlət ümayəndələrinə dəqiq məlumat verilmişdir.
3- «Qondarma qurum» terminini işlədən mətnin müəllifinə bildirmək istərdik ki, CAMAH bu gün Cənubi Azərbaycanın milli azadlığı uğrunda mübarizə aparan ən fəal, yetgin və formalaşmış siyasi təşkilatdır. Onun Azərbaycan Respublikası ərazi bütövlüyünün və dövlətçiliyinin qorunmasında olan əvəzsiz rolu da əlaqədar dayirələrə məlumdur...
4- «İranda tibbi xidmətin Azərbaycandakından yüksək olduğunu» bizə bildirən müllifin nəzərinə çatdırırıq ki, nə inki İranda tibbi xidmətin Azərbaycandakından həqiqətən də yüksək olduğu bizə məlumdur, İranda hətta Azərbaycanda az qala qanuni hal almış xəstədən rüşvət almaq problemi də yoxdur! Lakin beynəlxalq terrorizmi dövlət səviyyəsində dəstəkləyən İran kimi terrorist və totalitar bir rejimin Azərbaycanın qeyrətli oğlu Çehreqaniyə müalicə imkanı yaradacağı fikri də əbəs bir xəyaldır. Çünki, əslində doktor xəstə deyil, o fars rejiminin vəhşi işgəncələri altında bugünə salınmişdır.
Bir daha bəyan edirik ki, Azərbaycan Respublikası bizim vətənimiz, onun dövlətçiliyi isə öz müqəddəs varlığımızdır. Bizi heç kim bundan məhrum edə bilməz.