TƏBRİZDƏ AĞIR İŞGƏNCƏ EDİLƏN SOYDAŞLARIMIZ
13.01.2000

Verdiyimiz məlumatlarda, bu günə qədər 500-dən artıq Təbriz sakininin həbs edildiyini və onlardan bir neçə nəfərinin zəmanətlə azadlığa buraxıldığını bildirmişdik.
Bu gün səhər CAMAH-ın Təbriz şəhər komitəsindən aldığımız məlumata əsasən həbsdə olan soydaşlarımızın təxminən 100 nəfəri dünən gün ərzində zəmanətlə azadlığa buraxılıb. Azadlığa baraxılanların bəziləri həbsdə olarkən Ettelaat məmurları tərəfindən döyülərək işgəncələrə məruz qaldıqlarını bildiriblər.
Təbriz komitəmizdən gələn daha bir məlumatda, Ettelaatın təcridxanasında heç bir izahat və iltizam verməyə hazır olmayan bir neçə hərəkat fəalı çox ağır işgəncələrə məruz qalaraq, ölümcül hala salınmışlar. Onların siyahısını təqdim etməklə insan hüquqlarından dəm vuran, lakin Cənubda baş verənləri görməyən beynəlxalq təşkilatların diqqətini Təbrizdəki dövlət cinayətlərinə cəlb edirik: Həsən Əlizadə, Əsgər və Əkbər Canməhəmmədi (iki qardaş), Həsən Dərgahi, Pərviz Qəmbəri, İbrahim Ənami, Osman İzədpənah, Lətif Əlizadə və Əlirza Purhəsən.