CAP-ın SIRALARI TƏMİZLƏNİR
17.01.2000

Cənubi Azərbaycan Parlamenti Təşəbbüs Qrupu bugün bəyanatla çıxış edib. Bəyanatın mətnini olduğu kimi dərc edirik:

CƏNUBİ AZƏRBAYCAN PARLAMENTİ
TƏŞƏBBÜS QRUPUNUN BƏYANATI

Cənubi Azərbaycanın milli azadlığı uğrunda mübarizə aparan qurumlar, təşkilatlar və siyasi xadimləri bir yerə toplamaqla, tapdalanmış hüquqlarımızı beynəlxalq hüquq normaları və standardları çərçivəsində müdafiə və bərpa etmək niyyətiylə, bir para müzakirələrdən sonra, 1999-cu ilin son aylarında Cənubi Azərbaycan Parlamenti Təşəbbüs Qrupunun bəyanatını qəbul edərək belə bir qurumun yaradıldığını və 2000-ci il mart ayının 25-də ilk ümumi qurultayının Bakıda keçiriləcəyini bildirmişdik.
Sonralar məlum oldu ki, heç bir hüquqi kimliyi və siyasi şəxsiyyəti olmayan bəzi fürsəttələb və anarxistlər başqa-başqa iyrənc məqsədlərlə sıralarımıza nüfuz edərək, heç bir sənədi, sübutu və protokolu olmadan, özlərini guya ki «CAP-ın müxtəlif sahələr üzrə katibləri» kimi qələmə verməklə, şəxsi mənafeləri naminə istədikləri mövqedən çıxışlar edir, bununla da qurumda təmsil olunan başqa ictimai-siyasi şəxsiyyətlərin nüfuzuna xələl gətirirlər.
Mötəbər mənbələrdən sızan məlumata görə, bəziləri hətta CAP-ın adından müxtəlif dövlətlərin, o cümlədən Azərbaycanın rəsmiləri ilə görüşlər keçirərək «maddi yardım» tələbləri ilə də çıxışlar etmişlər!
Bütün bunları nəzərə alaraq, aşağıda göstərdiklərimizi ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirik:
1. Cənubi Azərbaycan Parlamentinin hələlik heç bir hüquqi varlığı və statusu yoxdur. Biz CAP-ın yaradılacağı arzusu ilə yalnız təşəbbüs qrupu olaraq varlığımızı bəyan etmişdik.
2. Əldə etdiyimiz məlumata görə bəziləri hətta «CAP-ın məramnaməsi» deyə, bir para əsassız və uydurma müddəalar irəli sürmüşlər. Belə bir «məramnamə»-nin biz tərəfdən təqdim və yaxud qəbul olunduğunu qətiyyətlə təkzib edir və savadsız müəlliflərinin diqqətinə çatdırırıq ki, dünyanın heç yerində hər hansı bir parlamentin məramnaməsi yoxdur və ola da bilməz.
3. 25 mart 2000-ci il tarixdə Bakıda keçiriləcəyini elan etdiyimiz qurultay nəinki deylən tarixdə, müəyyən səbəblərə görə ümumiyyətlə yaxın zamanlarda belə keçirilməyəcək.
4. Dünya Azərbaycanlıları Konqresinin ABŞ-da keçirilən ikinci qurultayından sonra, DAK-ı dağıtmağa cəhd edən bəzi kürd mənşəli şəxslər həmin qurumdan qovularaq, indi də CAP-da eyni oyunları həyata keçirmək əzmindədirlər. Belə ki, özbaşınalığın həddini aşaraq, cari ayın 13-ü bəyanat da yaymışlar. Biz bu başdan onların hər hansı bir cəhdinin səmərəsiz qalacağını bəyan edir və Cənubi Azərbaycanımızın bugünkü kimi tarixi və həssas bir döründə təəssüf ki, belələrinin qərəzli oyunlarına, milli azadlıq hərəkatına qarşı xəyanətdən başqa heç bir qiymət verə bilmərik.

Biz bir daha bəyan edirik ki, hər hansı bir sahədə CAP-ın heç bir nümayəndəsi və yaxud «təşkilat katibi» və «mətbuat xidmətinin rəhbəri» kimi uydurma adları daşıyan katibləri seçilməyibdir və özünü bu adlarla qələmə verənlərin heç biri bizim təmsilçimiz deyil.

CAP Təşəbbüs Qrupu
(Bəyanat Doktor Çehreqani ilə razılaşdırılmışdır).