B Ə Y A N A T
18.10.2001

Fars şovinizmi və İran rejimi anti Azərbaycan təbliğatını yeni yollarla davam etdirməkdədir.
Bir müddətdir ki, hər gün Bakı vaxtı ilə saat 18-dən Tehranın «Səhər TV» kanalı Azərbaycan türkcəsində veriliş yayımlayır. Çox maraqlıdır ki, İranın daxilində rəsmiyyətlə ysaqlanmış Azərbaycan dilində dövlət televiziyası proqram hazırlayır. Və daha maraqlı həmin verilişlərin titr və mətnlərinin Azərbaycan əlifbası ilə yazılmasıdır. Bu da proqramların məhz Şimali Azərbaycan üçün hazırlandığını sübut edən faktlardan biridir. Tehran televiziyasının dalğaları texniki baxımdan yüksək səviyyədə gücləndirilmiş və Azərbaycanın Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Masallı, Lənkəran və Astara rayonlarından əlavə, Naxçıvan Muxtar Respublikasının da əhalisi həmin proqramlara çox rahatlıqla tamaşa edə bilir. «Səhər TV» hətta Bakının Əhmədli, Günəşli, Zığ və Hövsan qəsəbələrində də Azərbaycan kanallarını pozaraq, ekrana gəlmək qüvvəsinə malikdir.
Tehrandan Azərbaycan türkcəsində yayımlanan həmin proqramların əsas məzmun və məqsədi Şimali Azərbaycan xalqı arasında din və İran təmayüllü təbliğatın aparılmasından ibarətdir. «Səhər TV» bəzən özbaşınalığın həddini aşaraq, hətta Azərbaycan Respublikasının daxili siyasətinə müdaxilə etməklə, əhalini dövlətçiliyimizin əleyhinə sövq edir. Belə faktlardan biri cari ayın 17-si Bakı vaxtı ilə saat 19-da baş vermişdir. Azərbaycan türkcəsində yayımlanan «Dünyamız» adlı siyasi verilişdə Xəzər neftinin mövcud problemlərindən söz açılmış, daha sonra «Azərbaycan dövləti ABŞ və NATO-nun regiondakı mənafeyini təmin edən nökər» kimi qələmə verilmişdir.
Biz Azərbaycan dövləti və xalqına qarşı tuşlanmış belə təhqir və siyasi təxribatları yolverilməz hesab edir, dövlətimizin rəhbərlərindən bu barədə ciddi əks tədbirlər görmələrini tələb edirik.

Cənubi Azərbaycan Milli Azədlıq Hərəkatı (CAMAH)
Bakı Komitəsi