PİRUZ DİLƏNÇİNİN MÜHAKİMƏSİ BİTDİ
22.05.2000

Milli Məclisin deputatı Mətləb Mütəllimovun şikayət ərizəsinə əsasən CAMAH Bakı komitəsinin sədri Piruz Dilənçinin əleyhinə açılmış cinayət işi bir ildən artıq davam etdikdən sonra yekunlaşdırıldı.
Bu gün səhər saat 11-də Yasamal Rayon Məhkəməsində M.Mütəllimovun hüquqi vəkili və müavininin iştirakı ilə hakim Hidayət Süleymanovun sədrliyi və rayon prokurorluğu nümayəndəsinin iştirakı ilə mühakimə prosesi başlandı.
İki saat davam edən iclasda P.Dilənçi bir daha təkrar etməklə bütün dediklərini yenidən təsdiqləyərək M.Mütəllimovdan üzr istəməyəcəyini bildirdi. Cinayət Məcəlləsinin 122-ci maddəsinin 2-ci hissəsi ilə ittiham edilən P. Dilənçi prokuror və hakim tərəfindən həqiqətən də təqsirkar hesab edilərək, barəsində məhkəmə qərarı çıxarıldı. Qərara əsasən Piruz Dilənçi işin mülki hissəsinə görə 5 milyon, cinayət işinə görə isə minimum əmək haqqının 350 misli olaraq 1.925.000 manat cərimə edildi. Buna baxmayaraq qarşı tərəfin vəkili P.Dilənçinin həbs edilməsində israrlı idi.
Qərar bir həftədən sonra qüvvəyə minəcək və eyni zamanda «Bakı şəhərini tərk etməmək» barədə əvvəlki iltizam öz qüvvəsini itirəcək.


İŞ BARƏDƏ QISA ARAYIŞ:
İran-Azərbaycan arasında imzalanmış hüquqi sazişin lahiyəsi 1998-ci ildə Milli Məclisdə müzakirə edilərkən, müxalifəti təmsil edən millət vəkillərinin, o cümlədən AXCP sədrinin birinci müavini Əli Kərimovun etirazına baxmayaraq, bir qrup deputat, xüsusiylə Mətləb Mütəllimov gözə çarpan canfişanlıqla İran dövlətinin nəzərdə tutulmuş maraqlarını müdafiə etmişdir.
Bir neçə gün sonra «525-ci qəzet»-in 10 dekbr 1998-ci il tarixli nömrəsində M.Mütəllimov bu məsələyə münasibət bildirərkən əvvəlki mövqeyini bir daha təsdiqləyərək Bakıda yaşayan cənublu siyasi mühacirləri, o cümlədən Piruz Dilənçini «İranlı cinayətkarlar» kimi qələmə vermiş və onların totalitar İran rejiminə təhvil verilməsinin tərəfdarı olduğunu bəyan etmişdir. Bundan sonra P.Dilənçi «Şərq» qəzetinin 5 yanvar 1999-cu il tarixli nömrəsində M.Mütəllimovun bu hərəkətlə fars şovinizminə xidmət etdiyini söyləmiş və çox keçmədən M.Mütəllimovun İran casusu Əbülhəsən Moinzadə ilə hər tərəfli əlaqələrini əks etdirən yazılar respublika mətbuatının əsas mövzularından birinə çevrilmişdir.
1999-cu il fevral ayının 26-sı hətta millət vəkili Eldar Sabiroğlu məsələni Milli Məclisin müzakirəsinə çıxardığı zaman Murtuz Ələsgərov Milli Təhlükəsizlik Naziri Namiq Abbasovda bu barədə kifayət qədər fakt olduğunu bildirmişdir.
Deyilənlərin guya ki, həqiqətə uyğun olmadığını təzahür etmək niyyətiylə, nəhayət neçə aylıq sükutu pozan M.Mütəllimov həmin ay P.Dilənçinin «Şərq» qəzetinə verdiyi müsahibədə guya «şərəf və ləyaqətinin qəsdən alçaldılmasını» fakt tutaraq şikayət ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Adı çəkilən məhkəmə P.Dilənçi və «Şərq» qəzeti redaksiyasının əleyhinə işə başlamış, bir neçə mühakimə iclasından sonra tərəfləri üzr istəməyə, təkzib verməyə və nəqdi cərimə ödəməyə məhkum etmişdir.
«Elçi» qəzeti Məhəkmənin keçirildiyi günə təsadüf edən nömrəsində M.Mütəllmovla bağlı dərc etdiyi geniş yazıda hətta Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzayıl Ağamalının «İran sevinməlidir ki, Azərbaycanın Milli Məclisində Mətləb Mütəllimov kimi təmsilçisi var» fikrinə də yer vermişdir.
Məhkəmənin ədalətsiz qərarına etiraz olaraq bir çox təşkilat və qurumlar, o cümlədən ABŞ-da fəaliyyət göstərən Dünya Azərbaycanlılarının Konqresi dər hal ölkə prezidenti Heydər Əliyevə müraciət etmişdir. Eyni zamanda P.Dilənçi və «Şərq» qəzetinin əməkdaşları kassasiya ərizəsi ilə Bakı Şəhər Məhkəməsinə müraciət etmiş, işə baxıldıqdan sonra, Yasamal Rayon Məhkəməsinin qərarı qismən ləğv edilərək «Şərq» qəzeti cərimə ödəməkdən azad, P.Dilənçinin 500 milyon cəriməsi 5 milyon manata yendirilmişdir. Üzr istəmək və təkzib vermək isə öz qüvvəsində saxlanılmışdır. «Şərq» qəzeti təkzib vermiş, lakin P.Dilənçi həm üzr istəməkdən həm də cəriməni ödəməkdən imtina etmişdir.
Yasamal Rayon Məhkəməsi «Piruz Dilənçi məhkəmə qərarını icra etmədiyi üçün» işi adı çəkilən rayonun prokurorluğuna göndərmiş və 28 iyun 1999-cu il tarixdə cinayət işi açılmışdır. Prokurorluq tərəfindən aparılmış istintaq əməliyyatı nəticəsində M.Mütəllimovun şikayəti əsassız hesab edilərək 28 avqust 1999-cu il tarixdə cinayət işi dayandırılmışdır.
1999-cu ilin sonlarında Azərbaycan-İran münasibətlərinin yumuşalması ilə əlaqədar rəsmi Bakının cənublulara qarşı hər tərəfli təziqləri artdıqda, xüsusiylə Doktor Mahmudəli Çöhrəqanlının məlum məktubuna Azərbaycan prezidenti tərəfindən sərt və mənfi cavab verildikdən sonra P.Dilənçi Azərbaycan iqtidarına olan müsbət baxış və münasibətini dəyişərək, çox ciddi və sərt bəyanatlarla çıxış etmişdir. Məhz buna görə də CAMAH-da təşkilatdaxili ixtilafların başlanmasından məharətlə istifadə etməyi bacaran Azərbaycanın bəzi rəsmi dairələri P.Dilənçiyə qarşı daha geniş təziqlərə və əks təbliğat kampaniyasına başlamışdır. Həmin kampaniyanın tərkib hissəsi olaraq 24 fevral 2000-ci il tarixdə M.Mütəllimovun guya ki, etiraz ərizəsi qəbul edilərək, respublika prokuroru Eldar Həsənovun imzası ilə cinayət işinin dayandırılması haqqında olan əvvəlki qərarın ləğv edilməsi barədə Yasamal Rayon Prokurorluğuna rəsmi tapşırıq verilmişdir.
Beləliklə bir il əvvəl xətm olunmuş cinayət işi yenidən qüvvəyə minərək 14 mart 2000-ci il tarixdən etibarən Yasamal Rayon Prokurorluğunda istintaq əməliyyatı başlanmışdır.
İşin gedişatı zamanı P.Dilənçinin «Etimad» qəzetinin 9 fevral 2000-ci il tarixli nömrəsindəki müsahibəsi də işə əlavə edilmiş və 21 aprel 2000-ci il tarixdə prokurorluq P.Dilənçinin Müqəssirçiliyini elan etmişdir. Eyni zamanda prokurorluq tərəfindən P.Dilənçiyə üzr istəyəcəyi təqdirdə amnistiyaya düşmək şansı olduğunu bildirsələr də, o qətiyyətlə üzr istəmək fikrində olmadığını rəsmən bildirmişdir. 24 aprel 2000-ci il tarixdə P.Dilənçinin ittihamı oxunduqdan sonra, barəsində qəti imkan tədbirinin yüngül növü tətbiq edilərək Bakı şəhərindən çıxmamaq barədə iltizam alınmışdır. Bununla da prokurorluq son qərarın verilməsi üçün işi aidiyyəti üzrə rayon məhkəməsinə göndərmişdir.