KQB-nin ARXİVİNDƏN
50 İLİN TOZ-TORPAĞI ALTINDA GİZLƏDİLMİŞ SƏNƏDLƏR:
SEYİD CƏFƏR PİŞƏVƏRİNİ KİMLƏR ÖLDÜRÜB?!


Cənubi Azərbaycan milli azadlıq hərəkatının rəhbəri, 21 Azər hərəkatının başçısı, Pişəvəri adı ilə şöhrət qazanmış Seyid Cəfər Cavadzadə 1892-ci ildə Cənui Azərbaycanın Xalxal mahalının Zivə (Zaviye Sadat) kəndində anadan olmuşdur. Cənubi Azərbaycanın çox da ömür sürməyən milli hökümətinin başçısı Seyid Cəfər Pişəvəri İran Kommunist Partiyasının banilərindən biri, Azərbaycan Demokrat Firqəsinin isə əsas banisi və rəhbəri olmuşdur.


S.C.Pişəvəri

S.C.Pişəvəri 14 yaşında ailəsi ilə bərabər Bakıya mühacirət etmişdir. 20 yaşına qədər Bakının Bülbülə qəsəbəsində ilk təhsilini davam etdirmiş, eyni halda oxuduğu məktəbdə əmək fəaliyyəti ilə də məşqul olmuşdur.
1913-cü ildə Bakının Xırdalan qəsəbəsinin ilk məktəbini təsis etmiş, dörd il ardıcıl olaraq həmin məktəbin müəllimi olmuşdur. Onun siyasi fəaliyyətləri də məhz həmin illərdən başlamışdır.
26 yaşı olarkən İran Ədalət Firqəsi Bakı komitəsinin üzvü olmuş, bir müddət Bakının İranlılara məxsus Ettehad məktəbində dərs demişdir.
Sovet hakimiyyətinin Şimali Azərbaycanda qurulmasında rolu olan Pişəvəri, Doktor Nəriman Nərimanovla da yaxından əməkdaşlıq etmişdir.
O, sonralar İran Ədalət Firqəsinin orqanı «Hürriyyət» qəzetinin baş redaktoru olmuş, 28 aprel 1920-ci ilə qədər də həmin vəzifədə çalışmışdır.
Azərbaycanda «Kommunist» qəzetini ilk dəfə ana dilimizdə nəşr etdirən Pişəvəri 22 may 1920-ci ildə İran Ədalət Firqəsi tərəfindən nümayəndə heyətinə rəhbərlik edərək, Gilan inqilabının rəbəri Mirzə Kuçəkxanla müzakirələr aparmaq üçün Rəşt şəhərinə göndərilmişdir. Həmin uğurlu danışıqlar və müzakirələr nəticəsində 4 iyun 1920-də Gilan Cümhuriyyətinin təşkili elan olunmuş, Pişəvəri isə həmin cümhuriyyətin xarici işlər naziri vəzifəsinə təyin edilmişdir.
Pişəvəri 22 iyun 1920-də İran Kommunist Firqəsinin Ənzəli şəhərində keçirilərkən birinci qurultayının rəyasət heyətinə üzv qəbul edilmişdir. O, həmçinin səsçoxluğu ilə İran Kommunist Firqəsi mərkəzi komitəsinin üzvü və təbliğat üzrə mərkəzi komitənin katibi seçilmişdir.
O, 22 iyun-13 iyul 1921-ci ildə Moskvada keçirilən Kommunist İnternasionalının üçüncü konqresində İran Kommunist Firqəsi Təbriz şəhər təşkilatının nümayəndəsi kimi iştirak etmişdir. Konqres sona çatdıqdan sonra o, Tehrana qayıtmış, İran Kommunist Firqəsi Mərkəzi Komitəsi Rəyasət Heyətinin üzvü kimi fəaliyyətini davam etdirmiş, firqənin nəzdində yaradılmış Həmkarlar İttifaqının mərkəzi orqanı «Həqiqət» qəzetini nəşr etməyə başlamışdır. 1922-ci ildə İran üsul idarəsi tərəfindən "Həqiqət" qəzeti bağlandıqdan sonra, Pişəvəri İran Kommunist Firqəsi Mərkəzi Komitəsinin cənub bürosunun məsul katibi təyin olunmuş və bir il İsfahan şəhərində fəaliyyət göstərmişdir. Doqquz il ardıcıl səmərəli siyasi fəaliyyət göstərən Pişəvəri 1930-cu ilin dekabr ayında İran Kommunist Firqəsinin bir neçə rəhbər üzvü ilə birlikdə həbs olunmuş, Tehranın Qəsre Qacar zindanında on il ağır işgəncələr görmüşdür. Pişəvəri 1940-cı ildə zindandan buraxılarkən Kaşan şəhərinə sürgün olunmuş, az zamandan sonra yenidən həbsə alınmışdır. 25 avqust 1941-də Sovet ordusu İrana girdikdə, Pişəvəri Kaşan zindanından buraxılıb Tehrana qaytarılmışdır. Bu zaman bütün siyasi təşkilatların az qala məhv olduğunu görən Pişəvəri, əqidə yoldaşları ilə birlikdə yenidən fəaliyyətə başlayır və 25 may 1943-cü ildə "Ajir" adlı qəzetin birinci nömrəsini nəşr etdirir.
S.C.Pişəvəri sonralar İran Məclisinin 14-cü dövr seçgilərində iştirak etmək üçün öz namzədliyini Təbrizdən irəli sürmüş, yüzdən artıq namzədin həmin dairədən təqdim olunduğuna baxmayaraq, Təbriz xalqı 15.780 səslə Pişəvərini İran Məclisinə vəkil seçir. Tehran hakimiyyəti bu uğuru gördükdə, Təbriz vəkillərinin etibarnaməsinin təsdiq edilməsini süründürməyə salır. Bununla da İran Məclisinin1944-cü il iyun ayındakı iclasında 47 müvafiq səs qarşısında 50 müxalif səslə Pişəvərinin etibarnaməsini rədd edirlər.
Nəhayət Cənubi Azərbaycan türklərinin milli fəlakətlərini daha da ciddi hiss edən Pişəvəri, məharətli bir təşkilatçı və təcrübəli bir inqilabçı kimi Azərbaycan Demokrat Firqəsini yəradır. Beləliklə də Cənubi Azərbaycanda milli azadlıq hərəkatının binövrəsi qoyulur və sonralar Cənubi Azərbaycanın milli hökuməti yaranır. Bir il müddətində on illərin mənəvi, iqtisadi, ictimai, elmi və sairə xidmətlərini göstərən milli hökumət, Sovet İttifaqi ilə Tehran arasında əldə edilmiş məxfi razılaşmalar əsasında aradan götürülmüşdür.
Milli Hökumət yıxıldıqdan sonra Seyid Cəfəp Pişəvəri zorla «Mühacirət» etməyə məcbur olmuş, Rus silahlı qüvvələri vasitəsi ilə Bakıya aparılmışdır.
Cənubi Azərbaycanda milli dövlətin qurulmasını sosiyalizm hökumətindən üstün bilən Pişəvəri, elə məhz bu düşüncəsinə görə də 11 iyul 1947-ci ildə o vaxtkı Sovet Azərbaycanında əvvəlcədən təşkil olunmuş şum avtomobil hadisəsində dünyasını dəyişmişdir.
İran Tudə Partiyası və Sovet KQB-sinin Pişəvərinin ölümünü təsadüfi bir hal kimi qələmə verməklərinə baxmayaraq, rəsmi sənəd və faktlar nəink hadisənin qəsdən törədildiyini sübut edir, həm də Tudə Partiyası ilə KQB-dən başqa, Qulamyəhya Daneşiyanın timsalında Azərbaycan Demokrat Firqəsinin də bu tarixi cinayətdə rolu olduğunu göstərir.
Aşağıda oxuyacağınız sənəd, Pişəvəri hökumətinin maarif naziri, görkəmli Cənubi Azərbaycan şairi Məhəmməd Biriyanın 1954-cü ildə Qazaxıstanda sürgündə olarkən SSRİ baş naziri Malenkova göndərdiyi ərizəsidir.
Məhəmməd Biriyanın öz xətti ilə ərəb əlifbasında yazılmış bu sənədin surəti Sovet KQB-si arxivində P06627 nömrə ilə, orginal nüsxəsi isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində 3712 nömrə əsasında (çox məxfi sənədlər) sırasında saxlanılır.


DİQQƏT:

Aşağıda oxuyacağınız yazının sənəd olaraq çox böyük tarixi əhəmiyyətini nəzərə alıb, heç bir dəyişiklik aparmadan, eyni ilə təqdim edirik. Bunun üçün də fars dilindən götürülmüş bəzi termin və lüğətlər işlənildiyi kimi dərc edilmişdir.
Bu yazının original surəti Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılmaqdadır. Həmin nüsxənin üzündən latın əlifbasına Piruz Dilənçi koçürmüşdür. 8 səhifədən ibarət olan sənədin surətini aşağıda dərc edirik:

Səhifə 1    Səhifə 2    Səhifə 3    Səhifə 4

Səhifə 5    Səhifə 6    Səhifə 7    Səhifə 8

Moskva, Sovetlər İttifaqının baş naziri Malenkov cənablarına İranlı şair Məhəmməd Biriya tərəfindən
Ə R İ Z Ə

Mən Məhəmməd Hacı Qulam oğlu Baqirzadə Nuhi (Biriya) 1914-cü ildə İranın Təbriz şəhərində bir nəccar ailəsində anadan olmuşam. 8 yaşımda ailəm Baku təriqi ilə Xorasana gedərkən məni də aparmışlar. Mən Xorasnda mədrəsədə oxumuşam. Bu halda anam xəstələnib, həkimlər Xorasanın havasının anam üçün zərərli olduğunu bildirdikləri kimi, atam naçar Xorasandan müraciətə məcbur olmuşdur. Biz Baku şəhərinə gəlmişik. Mən Bakıda 1924-cü ildə məktəbə daxil olmuşam. 7 illik məktəbi bitirdikdən sonra Neft Makinaları Quruluşu Texnikomunda oxumuşam.
Ədəbiyyata olan əlaqəm nəticəsində divar qəzetələrində şerlərim dərc olunmuşdur. Nagəhani olaraq əmim ilə anamın vəfatı ailə həyatımda böyük dəyişiklik əmələ gətirdiyi üçün, atam iki bacım və bir qardaşım ilə məni 1933-cü ilin 11 yanvarında İrana aparmışdır. Mən İranda 1934-cü ildən 1936-cı ilə qədər Bələdiyyə İdarəsində çalışmışam. 1938-ci ildə İran ordusunun Təbriz ləşgərində əncame vəzifə etmişəm. Hərbi vəzifəmi bitirdikdən sonra Dəmiryol İdarəsinə daxil olub, Sovetlər ordusu İrana gəldiyi günə qədər orada çalışmışam. Sovetlər ordusu İran Azərbaycanında «Vətən yolunda» qəzetəsinin nəşrinə başladığı zaman mən həmin qəzetəyə şerlər və məqalələr yazıb, onun fəal mühərrirlərindən olmuşam. İranın «Rəhbər», «Zəfər», «Mərdom», «Dəmavənd», «Xavəre No» və «Azərbaycan» qəzetələrində mənim şerlərim çap olunmuşdur. 1941-ci ilin dekabrında İran ziyalıları nümayəndələri Bakuya dəvət edildikləri vaxt, mən də onların hüzurunda olmuşam. Xəzərə, Bakuya və Stalinə yazdığım şerlər «Kommunist» qəzetəsində çap edilmişdir. İran ziyalıları ilə Bakudan qayıdandan sonra, Təbrizdə Azərbaycan Cəmiyyətinin sədri, Hacı Mirzə Əli Şəbüstəri, İsmayıl Şəms və Seyid Mehdi Etimad ilə bərabər xalqımın səadəti və məmləkətimin islahatı üçün çalışmışam. Bu zaman İngilis, İran, Sovetlər İttifaqı ərazisində müahidənamə bağlanmışdı. Bu müahidənamə bağlandıqdan sonra yerli təşkilatlar İran dövləti tərəfindən təqib olunmuşdur. Sovet Azərbaycanı daxili işlər vəzirinin müavini general Səlim Atakişiyev məni, Şəbüstərini, Şəmsi və Etimadı gecə ilə Təbrizdən Bakıya qaçırtmışdır. Mən Bakuda Sovet Azərbaycanı Yazıçılar İttifaqına daxil olub, şair Səməd Vurğun ilə bərabər Quba, Kuhsar və sair nöqtələrdə olan əsgəri hissələrə ruh yüksəkliyi vermək üçün şerlər oxuyub nitqlər etmişəm. Stalinqradın süqutundan sonra Təbrizə qayıtmışam. Bu zaman NKVD orqanı məni çağırıb, məzkur orqanın dəsturu ilə çalışmağımı mənə təklif etmişdir. Mən buna razı olmamışam. Nəhayət təhdid nəticəsində məndən iltizam alınmışdır. Mən NKVD-dən çıxan günün sabahısı öz dövlətimin nümayəndəsi olan İran konsulu ağaye Zəndə müraciətlə şikayət edərək, iltizamnamənin geri alınması üçün ondan kömək istəmişəm. Nəhayət, konsulun ciddiyyəti sayəsində vətənimə qayıdıb, yenə də İran idarələrində çalışmağa məşqul olmuşam. 1943-cü ildə yerli təşkilatlar təzədən məni siyasi cərəyana qoşmuşlar.
Kanune Zedde Faşistiye İranın (İran Anti Faşist Ocağının) müəssislərindən olub, Hezbe Tudədə çalışmışam. Təbriz Karigərlər İttihadiyyəsinin sədri Xəlil İnqilab İran dövləti tərəfindən təqib olunan zaman Hezbe Tudənin məsləhəti ilə Fəhlə Təşkilatına daxil olub, seçkidə aldığım səs nəticəsində təşkilatın sədarətinə təyin olmuşam. Fəhlələr ilə ərbablar arasında 41 maddədən ibarət bir qərardad bağlamışam. Neft məsələsində Fəhlə Təşkilatı ilə aparılan nümayiş və mitinqlərin birində İran irticası tərəfindən üzərimə atəş olunarkən, fəhlələrdən İsmail namində bir nəfər ölüb, üç nəfər yaralanmışdır. Edilən etirazlar nəticəsində İran dövlət kabinəsi başında duran Məhəmmədxan Said istefa vermişdir. Saidin istefasından sonra mən Tehran müsafirəti etmişəm. Hezbe Tudənin Mərkəzi Komitəsi üzvləri ilə yaxından tanış olaraq, aldığım dəstur üzrə Təbrizə qayıtmışam. 1945-ci ildə Sovetlər İttifaqı Fəhlə Təşkilatı tərəfindən gələn nümayəndələrin istiqbalına hazırlıq aparıb, Avto Transport işçiləri ittişadiyyəsi səlri Baqisovu, toxucu fabrikaları işçilərinin sədri Madam Simun Jenkovanı, «Pravda» qəzetinin müxbiri Şişkini, Sovet Azərbaycanı neft işçiləri İttihadiyyəsinin sədri Ağadadaş Axundzadəni, Sovet Azərbaycanı incəsənət işçilərinin rəisi Mirzə İbrahimi İran Azərbaycanında yeni təşkil tapan Fəhlə Təşkilatı ilə yaxından tanış edərək, bu barədə onların rizayətini cəlb etmişəm. 1945-ci ilin mayında Təbrizdə olan Sovet Mədəniyyət Evinin dəvəti üzrə Şimali Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 25 illyini təbrik üçün İran ziyalıları ilə bərabər Bakuya gəlmişəm. May ayının 7-də verilən ziyafətdə bütün firqə rəhbərləri və qonaqların, xüsusi ilə yoldaş Kallinin hüzurunda çıxışım olubdur. Mənim nitqim və oxuduğum şerlər qəzetələrdə çap edilmişdir.
İrana qayıdandan sonra Tehran komitəsinin təklifi üzrə mən 1945-ci ilin sentyabrında Paris şəhərində təşkil tapan dünya fəhlə və zəhmətkeşlərinin konqresində iştirak etmək üçün Sovetlər İttifaqı təriqi ilə Fransaya əzimət etmişəm. Fransada o zaman konqrenin heyəte rəyasəti üzvlərindən Lui Sayan, Mustafa Ələris, Ser Valter Setrin, Torento, Joqu, Koznitsov və sairələri ilə tanış olaraq, İranda təşkil tapan Fəhlə Təşkilatı haqqında lazımi izahat vermişəm. Fransadan müraciətimdə Seyil Cəfər Pişəvərinin Azərbaycanda Hezbe Tudə ilə etilaf etdiyini və Demokrat Firqəsini təşkil verdiyini görüb, siyasi fəaliyyətimdən geri çəkilmək istəmişəm. Xalqımın tələbi üzrə naçar bu hərəkata daxil olub, Pişəvəri kabinəsində maarif vəziri olmuşam. Qəvamülsəltənənin Moskva müsafirəti ilə Sovet ordularının İrandan çəkilməsi nəticəsində, mərkəzi dövlət qüvvələri İran Məclese Şurası üçün gedən seçkiləri kontorol altına almaqdan ötrü sülh şüarı altında Azərbaycana doğru gəlməyə başladı. Bu zaman mərkəzi komitədə ixtilaf oldu. Şəbüstəri, Doktor Cavid və mən təklif etdik ki, azadlığımızı müdafiə edək. Pişəvəri ilə Sadiq Badəkan bu təklifə müxalif olub, Sovet İttifaqına qaçmağı məsləhət bildilər. Onlar Sovetlər İttifaqına qaçdıqdan sonra, mərkəzi komitə tərəfindən mən baş katibliyə təyin olundum. İntizamatın bərqərarı, taktikamızın dəyişilməsi haqqında bir bəyaniyyə nəşr edib, həmin gün axşam radio arxasında firqənin nəzəriyyəsini xalqımıza elan etdim. Mərkəzi qüvvələrin gəlməsi və daxildə olan irticai bandaların fəaliyyəti nəticəsində təşkilatımızı dağıdaraq, mənim maşınımın üzərinə hücum etdilər. Mühafizim məni müdafiə üçün atəş edərkən bir nəfər öldü. Üzərimizə tökülən irticai ünsürlər qaçıb dağıldılar. Müvəqqətən özümüzü mühafizə etmək üçün yaxında olan Sovet xəstəxanasına getdik. Axşama qədər orada gözlədik. Həmin gün Amerikanın general konsulu Mester Saten Sovet xəstəxanasına gələrək məni tələb etmiş, xəstəxananın rəisi mənim orada olmadığımı ona söyləmişdir. Nəhayət Təbrizdəki Sovet general konsulunun məsləhəti ilə bizi xəstəxanadan konsulxanaya aparmışlar.
Vitse konsul Seyilzadə birinci görüşdə mənə demişdir ki, -«Yoldaş Molotovun Sovetlər İttifaqı səfiri Sadçikova vurduğu teleqraf üzrə biz səni himayə edib və mümkün olan vasitə ilə Sovetlər İttifaqına göndərməliyik». Mən Təbrizdə qalmaq arzusunda olduğumu bəyan etsəm də, nəticəsiz qaldı. 1947-ci ildə mart ayının 7-də məni təyyarə vasitəsi ilə Bakuya gətirdilər.
Bakuda olduğum zaman Pişəvərinin etdiyi səhvlər haqqında da tənqidə başlayıb, demokratların qaçarkən xalqın malını çapıb gətirdiklərini, Astara vəziyyətini və Qız Körpüsünün partladılmasının lüzumsuz olduğunu söylədim.
Pişəvəri Kirovabada gedərkən maşını daşa dəyib, Pişəvəri öləndən sonra, yeni təşkil tapan komitə məni Pişəvərinin yerinə təyin etmək fikri ilə Demokrat Azərbaycan qəzetəsinin və radio dəstgahının ixtiyarını mənə verdi. Lakin Pişəvəri hadisəsi mənim ruhumda böyük təsir buraxmışdı. O tarixdən mən maşina belə minmək istəmirdim. Dəvət olunan yerlərə piyada və ya tramvay vasitəsi ilə gedirdim. Pişəvərini Kirovabada aparan şofer Karnik bu hadisədən bir neçə gün əvvəl Qulam Yəhyanın vurduğu teleqraf üzrə İrəvandan gəlmişdi. Onun atası Mələkiyan Təbriz Maliyyə İdarəsinin müfəttişi idi. Qardaşı Natsaqan Nəfte Cunubda İngilislərin şirkətində işləyirdi. Nə isə, Pişəvəri hadisəsindən sonra hələ də o şoferin Bakıda azad gəzdiyini görüb, gələcəkdə belə bir hadisənin mənə də üz verməsindən ehtiyat edib, siyasi fəaliyyətimdən əl çəkib İrana qayıtmaq istədim. Bu fikri yaxın yoldaşlarıma izhar etdim. Onlar məni məzəmmət etdilər. Biləxərə mən dekabrın 27-də 1947-ci ildə Bakıdakı İran general konsulu Behnama müraciətlə pasport istədim. Konsul mənə pasportun sabah hazır olacağını deyib, ərizə və şəkillərimi qəbul etdi. Mən konsulxanadan evə getdim. Həmin gün daxili işlər vəziri General Teymur Yağubov, Dövlət Təhlükəsizlik vəzirinin müavini General Səlim Atakişiyev, Polkovnik Məhəmməd Saveçallinski, Mərkəzi Komitənin katibi Həsən Həsənov, Sovet Azərbaycanı baş vəzirinin müavini yazıçı İbrahim Mirzə mənim evimə gəldilər. İran konsulu Behnama verdiyim ərizəni geri almağı mənə təklif etdilər. Mən razı olmadım. Mən dedim gedirəm vətənimə. Onlar dedi qoymarıq. Mən dedim İran konsulu məni aparar. Onlar dedi konsul da səni aparmaq istəsə, biz konsula yol vermərik. Amma səni tutub deyərik bu casusdur.

Dedikləri kimi də etdilər. Dekabr ayının 28-də 1947-ci ildə səhər tezdən kəşfiyyət idarəsi rəisi Əyyub Qasımov məni İrana göndərmək bəhanəsi ilə evdən alıb, şəhərin kənarında olan bağa gətirdi. Axşam bağdan aparıb, daxili işlər vəzirliyinin həbsxanasına saldı. Sonra da danışdıraraq, nahaq yerə məni 10 ilə məhkum edib, lagerə göndərdilər. Mənim ikinci cahan müharibəsi dövründə xьsusilə ədəbiyyat sahəsində fəaliyyətim olmuşdur. İranda 13 braşuram çap edilibdir. Özüm «Qələbə» ruznaməsinin redaktoru olmuşam. Mənim əsərlərimi Sovetlər İttifaqında Suriko, Abram Pledonik, Yuri Fidler və Mikayıl Rəfibəyli rus dillərinə tərcьmə etmişlər. Bakuda Azərnəşr tərəfindən «Ürək sözü» adında bir kitabım çıxmış, həmin kitab ruscaya tərcьmə olunub. «Seçilmiş şerlər» ьnvanı ilə bir kitabım daha çap olunubdur. «Stalinqrad», «Musulini», «Ruznamə idarəsi», «Зətirbazlar», «Ərbab və əkinçi», «Hitler və Musulini» adında yazdığım pieslər Təbrizin Şir-o-xorşid səhnəsində və Marağa şəhərində oynanılmışdır. Yazdığım əsərlərin kopiyaları Sovet Azərbaycanı Mərkəzi Komitəsinin və Yazıçılar İttifaqının arşivində mövcuddur. İran Azərbaycanında təşkil tapan Fəhlə Təşkilatı fəaliyyəti haqqında 1945-ci ildə İrana gələn (Vets Es Peys) nьmayəndələri Barisova və Madam Simonjenkova mьraciət edə bilərsiniz. Xьləsə mən öz vəziyyətimi sizə yazdım. Hala 8 ildir ki, vətənimdən ayrılmışam. İndiyə qədər heç bir məktub və ya əlaqə və ya maddi bir kömək yoxdur. Ümid edirəm ki ərizəm sizə çatan kimi mənim fəaliyyətlərimi nəzərdə tutaraq azad edilməyim ьçьn hökm verib, mənim Təbrizə qayıtmağım ьçьn şərait yaradasız.

Hədsiz ehtiramla:
İranlı şair Məhəmməd Biriya
3 aprel 1954

Adres: Qazaxstan Şurəvi, şəhər Karakanda Post şöbəsi Spaski, Post qutusu nömrəsi 419/9 «V»