QARDAŞ VAY !
Piruz Dilənçi


Böyük bir diyaram, böyük torpağam,
Vahid bir millətəm, vahid bayrağam,
Özbəkəm, qırğızam, türkəm, qazağam,
Qardaş vay, soydaş vay, obam-elim vay!
Vətəndən vətənə gedən yolum vay!

Dərbəndəm, Təbrizəm, Ankarayam mən,
Kaşğaram, Kərkükəm, gör harayam mən... 
İkiyə bölünmüş Astarayam mən,
Araz vay, məftil vay, sərhəd telim vay!
Vətəndən vətənə gedən yolum vay!

Hər yana üz tutsan, mən o yandayam,
Zəncanda, Muğanda, Naxçıvandayam,
Türkəmənçaydayam, Gülüstandayam,
Qələm vay, imza vay, saxta qolum vay!
Vətəndən vətənə gedən yolum vay!

Müşfiqəm, Cavidəm, güllələnmişəm,
Heykələ dönmüşəm, daşa dönmüşəm,
Uluyam, nahaqdan belə sınmışam,
Güllə vay, edam vay, nahaq ölüm vay,
Vətəndən vətənə gedən yolum vay!

Bir yanda bayrağım yasaq olundu,
Bir yanda çəkislə oraq olundu,
Mən türkəm -Deyənlər dustaq olundu...
Yasaq vay, qıfıl vay, kəsik dilim vay!
Vətəndən vətənə gedən yolum vay!

Babəkəm, Nəbiyəm. Lap Зingizəm mən,
Dədə Qorqudam mən, sazam, sözəm mən,
Külün altındakı yanar közəm mən,
Alov vay, atəş vay, sönmüş külüm vay!
Vətəndən vətənə gedən yolum vay!

Hər yerdə, hər yanda bir barmağım var,
Şərqdən qərbədək bax, dayağım var,
Sazlı Borçalım var, Qarabağım var,
Bağım vay, bağçam vay, solmuş gülüm vay,
Vətəndən vətənə gedən yolum vay!

Bir daha kimsəyə baş əyməz elim,
Nə rusa, nə farsa əyilməz belim,
Zəncirə çəkilməz, bağlanmaz qolum,
Qırılmış zəncir vay, açıq qolum vay!
Vətəndən vətənə gedən yolum vay!