YAŞA TALEYİM !
(Bakı səfəri münasibətilə yazılmış şerlər silsiləsindən)
Kərim Sönməz


Bir ömür vəfalı yoldaşım kimi,
Yaşadın mənimlə qoşa taleyim!
Bu ömrü mən özüm yaşayammazdım,
Məni sən yaşatdın, yaşa taleyim!

Gecəni-gündüzü xəyala daldım,
Bir itgin sevdanın sorağın aldım,
Nə qədər xoşbəxtəm, ölmədim, qaldım,
Çatdı intizarım başa, taleyim!

Budur, mən alovlar ocağındayam,
Bakının mehriban qucağındayam,
Qış ikən, ömrümün şən çağındayam,
Var yeri ilhamım coşa, taleyim!

Özüm də bilmirəm necə gəlmişəm,
Gündüzmü gəlmişəm, gecə gəlmişəm,
Axı mən nəyəm ki, vecə gəlmişəm!
Az qalır ağlım da çaşa, taleyim!

Yaza meydan oxur bu payız çağım,
Ulduza bat! -deyir ümid çırağım,
Elə çağlayır ki, sevinc bağlarım,
Az qalır başımdan aşa taleyim!

Qırx illik həsrətlər qovuşan kimi,
Biz qucaqlaşırıq tapışan kimi,
Göy ulduz yağdırır kəhkişan kimi,
Duyğular gələndə cuşa taleyim!

Sözləri səslənir öz sözüm kimi,
Vətənə sevgidə lap özüm kimi,
Nə qədər doğmadır Təbrizim kimi,
Bu Şəki, Şamaxı, Şuşa, taleyim!

Sanıram Əhərdə, ya Muğandayam,
Gah dağı gəzirəm, gah arandayam,
Sankı Səhənddəyəm, Savalandayam,
Baxanda hər dağa, daşa, taleyim!